İnsanların əksəriyyəti nişan zamanı brilyant üzük bağışlamağı min illik müqəddəs ənənə, brilyantın özünü isə təbiətin ən nadir möcüzəsi hesab edir.
Halbuki kimyəvi baxımdan o, yüksək təzyiq altında sıxılmış karbondur, təbiətdə isə iddia edildiyi qədər nadir deyil.
Bu "qədim ənənənin" yaşı əslində bir əsrdən də azdır və o, romantik şairlərin qələmindən yox, iqtisadi böhrandan çıxış yolu axtaran korporativ iclas otaqlarından doğulub.
XIX əsrin sonlarında Cənubi Afrikada böyük almaz yataqları aşkarlanmışdı. Bazara həddindən artıq almaz çıxması onların qiymətini aşağı salmaq təhlükəsi yaratmışdı.
1930-cu illərin sonlarında dünya xam almaz təchizatının böyük hissəsinə nəzarət edən "De Beers" şirkəti ciddi dalana dirəndi. Şirkət qiymətləri yüksək saxlamaq üçün daşların bazara çıxışını qəsdən məhdudlaşdırır və süni qıtlıq yaradırdı, çünki anbarlardakı real həcm üzə çıxsa, bahalıq illüziyası dağılacaqdı.
Lakin Böyük Depressiya dövründə satışlar çökmüşdü. 1939-cu ildə ABŞ-da ilk dəfə ailə quran gəlinlərin cəmi 10 faizinə brilyant nişan üzüyü alınırdı, qalanları ya sadə qızıl halqa, ya da yaqut və sapfir seçirdi.
"De Beers" 1938-ci ildə Filadelfiyadakı "N.W. Ayer & Son" reklam agentliyinə müraciət edərək qeyri-adi tapşırıq verdi.
Konkret bir brendi deyil, birbaşa brilyant ideyasının özünü insanların şüurunda vazkeçilməz mədəni ehtiyaca çevirmək.
1947-ci ilin yorğun bir axşamında agentliyin kopirayteri Frensis Gereti kağız parçasına cəmi dörd söz yazdı:
"A Diamond is Forever" ("Brilyant əbədidir").
Bu şüarın arxasında romantikadan daha çox, bəşər tarixinin ən soyuqqanlı iqtisadi hesablaması dayanırdı. "De Beers" üçün ən böyük təhlükə rəqib mədənlər deyil, insanların əllərindəki köhnə brilyantları təkrar bazara çıxarması idi.
Əgər milyonlarla insan istifadə etdiyi üzüyü geri satmağa başlasa, bazar dolub-daşar və qiymətlər kəskin şəkildə çökərdi. "Əbədi" sözü məhz bu səbəbdən seçildi:
"Əgər brilyant ölməz sevginin rəmzidirsə, onu satmaq sevgiyə xəyanət etmək deməkdir."
Beləliklə, şirkət cəmi dörd sözlə milyonlarla insanı, daşları ömürlük saxlamağa, yəni təkrar satış bazarını öz əlləri ilə məhv etməyə razı saldı.
Ardınca kütləvi mədəni mühəndislik işə düşdü. Hollivud ulduzlarının barmaqlarına brilyant taxıldı, romantik filmlərə brilyantlı səhnələr yerləşdirildi.
Kişilərin şüuraltına isə sıfırdan uydurulmuş riyazi bir günahkarlıq düsturu yeridildi:
"Ciddi sevginin ölçüsü kişinin iki aylıq maaşı dəyərində üzük almasıdır. Kim bundan az xərcləyirsə, deməli, hissləri də kifayət qədər dərin deyil".
Bu psixoloji proqramlaşdırmanın gücünü Yaponiya nümunəsi bütün çılpaqlığı ilə göstərir. 1959-cu ilə qədər Yaponiyaya almaz idxalına belə icazə verilmirdi.
1967-ci ildə "De Beers" ölkədə kampaniyaya başlayanda yapon gəlinlərinin 5 faizindən azı brilyant üzük alırdı. Cəmi 14 il sonra, 1981-ci ildə bu göstərici 60 faizi keçdi. Bir reklam strategiyası 1500 illik yapon evlilik ənənəsini onillik ərzində dəyişdirdi. ABŞ-da isə 1990-cı ilə qədər nişan üzüklərinin 80 faizindən çoxu brilyant oldu.
Bu mifin nə qədər kövrək olduğunu yoxlamaq üçün uzun fəlsəfi mübahisəyə ehtiyac yoxdur, sadə bir təcrübə kifayətdir. Bu gün mağazadan bahalı bir brilyant üzük alıb, sabah geri satmağa çalışın. Eşidəcəyiniz qiymət sizə bir həqiqəti soyuq şəkildə sübut edəcək. Ödədiyiniz məbləğ nadir bir mineralın deyil, XX əsrin ən bahalı hekayəsinin haqqıdır.
Hekayənin ən kəskin ironiyası isə pərdə arxasında gizlənir.
"Brilyant əbədidir" cümləsi ilə bütün dünyanı əbədi sevginin qiymətinin bir daşla ölçüldüyünə inandıran Frensis Gereti ömrü boyu heç vaxt ailə qurmadı.
Mənbələr:
Edward Jay Epstein, "Have You Ever Tried to Sell a Diamond?" (The Atlantic, 1982)
Courtney Sullivan, "How Diamonds Became Forever" (The New York Times, 2013)